Rusiyanın ən zənginləri arasında 4 azərbaycanlı var

"Forbes" jurnalı Rusiyanın ən varlı 200 adamının siyahısını açıqlayıb. Hər il yayımlanan bu siyahıda 4 azərbaycanlının da adı var. 13,6 milyard dollarlıq sərvətlə "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov 7-ci yeri tutub. APA TV-nin xəbərinə görə, ğtən ilə 5-ci yeri tutan azərbaycanlı milyarder bu müddət ərzində 1,2 milyard dollar itirib. "Krokus" şirkətlər qrupunun prezidenti Araz Ağalarov isə 1,8 milyard dollarlıq pul varlığı ilə 56-cı yerdədir. Azərbaycanlı biznesmenin ötən illə müqayisədə sərvətində və siyahıdakı yerində heç bir dəyişiklik olmayıb. 57 yaşlı biznesmen, AST Şirkətlər Qrupunun və Türkiyədəki "Mardan Palace"nin rəhbəri Telman İsmayılov siyahıda 137-ci yerdədir. Onun ötən illə müqayisədə dəyişməyən sərvəti 750 milyon dollardır. Bu il siyahıya daha bir azərbaycanlı daxil edilib. Yarım milyonluq sərvətlə Rusiya prezidenti Vladimir Putinin dostu İlham Rəhimov 187-ci yerdə qərar tutub.

 

Xatırladaq ki, siyahıya 18,6 milyard dollarlıq sərvətlə Alişer Usmanov liderlik edir.
 

Müəllif | Apa.Tv