Nəbatat Bağında ağacların kəsilməsi ilə bağlı cinayət işi başlanıb
Mərkəzi Nəbatat Bağında ağac kəsilməsi faktı ilə əlaqədar cinayət işi açılıb.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhəri Ekologiya və Təbii Sərvətlər Departamentinin İdarəyə müraciət ünvanlanıb. Müraciətə əsasən, bu ilin 5 aprelində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatət bağında 0.30 hektar ərazidə köküstü yaş halda 40 ədəd 4-7 illik həmişəyaşıl Eldar şamı və Sərv növündə ağacların qanunsuz kəsilməsi, habelə kökündən çıxarılaraq məhv edilməsi faktı aşkar edilib. Ağacların məhv edilməsi nəticəsində dövlətə 360 manat ziyan dəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 259.1 (qanunsuz ağac kəsmə, meşələrdə və ya qoruqlarda ağacların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, aprel ayının 9-da Nəbatat Bağının direktoru Oruc İbadlı tutduğu vəzifəsindən azad olunub. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətindən verilən məlumata görə, Oruc İbadlı səhhəti ilə əlaqədar ərizə yazıbmış.