Rusiya prezidenti: "... keçmiş həyat yoldaşımı evləndirməliyəm"
"NATO-nun Avropada genişlənməsi məsələsində bütün amilləri nəzərə alıb, müvafiq addımlar atacağıq".
APA TV-nin xəbərinə görə, bunu canlı yayımda Rusiya vətəndaşlarının suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin deyib. Krımla bağlı qərarın qəbulunun səbəblərindən biri NATO-nun şərqə doğru genişlənməsinin olduğunu deyən Putin bildirib ki, Rusiya ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün əlindən gələni edəcək: "NATO-nun şərqə doğru genişlənməsindən qorxmuram. Bundan heç kim qorxmamalıdır, lakin eyni zamanda durumu soyuqqanlı dəyərləndirmək lazımdır. Hərbi ittifaq bizim sərhədlərimizə yaxınlaşırsa, cavab addımlarımızı atmalıyıq. NATO qoşunları Sevastopolda peyda olsaydı, bu, artıq Rusiya üçün geosiyasi əhəmiyyət kəsb edəcəkdi".
ABŞ-Rusiya arasında mövcud münasibətlərin Krım deyil, məhz Liviya hadisələrindən sonra pisləşdiyini deyən Rusiya prezidenti həmçinin son hadisələrdən sonra Ukrayna ərazisi ilə qazın ixracı məsələsinə də toxunub: "Ümidvaram ki, bu sahədə problem olmayacaq. Eyni zamanda əminəm ki, Səudiyyə Ərəbistanı Rusiyanın vəziyyətini pisləşdirmək üçün neftin qiymətinin azalmasına yol verməyəcək. Bütün hallarda neftin qiymətinin 90-85 dollara qədər düşməsi ölkəmizin dövlət büdcəsi üçün kritik deyil".
“Rusiya nə zaman yeni birinci ledini görəcək” sualını isə Putin "ilk olaraq keçmiş arvadımı ərə verim, daha sonra özüm haqda düşünəcəyəm" - deyə cavablandırıb.