Əfqanıstanın Qarabağı, əsir düşən azərbaycanlı Miryəhya, Talibanın ala bilmədiyi qala...

Qarabağa gedirik.

 

Kabuldan 60 km aralıda yerləşən Qarabağa.
İllər, yox, nə illər, əsrlər öncə elə buralardan köçmüş-əslində köçürülmüş-qanı qanımızdan olan qarabağlıların yanına…
…Kalakanı keçəndə operatorumuz Fuad dilləndi:
- Bax dağlara, Kəlbəcərə oxşayır?
Əfqan tərcüməçi təbii ki, Kəlbəcərin harada olduğundan xəbərsiz idi. Amma gülümsədi nədənsə…

Bütün səfər boyu ilk dəfə soruşdu:
- Qarabağa niyə gedirsiz ki?
Uzun tarix danışmağa həvəsim yox idi. Amma bircə onu dedim:
- Orada bizimkilər yaşayır?
- Azərbaycanlılar?
- Hə.
- Yox, nə danışırsız? Orada əfqanlar yaşayır.
- Gedək, görəcəksiz.
- Nəyi?
- Bizimkiləri…
Deyəsən, heç nə başa düşmədi...

***
... Elə biz də heç nə başa düşmürdük yol boyu: çünki Əfqanıstanda yol boyu quraşdırılmış bircə məlumat lövhəsinə rast gələ bilməzsən. Ta Qarabağacan. Elə burada, Qarabağda, “4 yolda”, Qarabağ Müəllimlər Kolleci yazılmış lövhəni görməyənəcən bilməzdik ki, istədiyimiz yerə çatmışıq. Elə bu “4 yolda”ca Fuad kameranı çıxardıb çəkməyə başlayanda başımıza yığışan insanlar belə təəccüblənirdilər: görəsən, bu lövhə bu əcnəbiləri nəylə cəlb edib ki? Qupquru bu dəmir parçasında nə sehr varmış? Əfqan tərcüməçi də deyəsən, heç nə anlamır, elə hey “gəlin qabağa gedək, orda dağlar var, oranı çəkin” deyir...

***
Amma bizi dağlardan çox, adamlar maraqlandırır, qarabağlıları deyirəm…

***
Qarabağın bələdiyyəsinin qarşısındayıq. Bahoo hələ buna baxın, Qarabağ FM radiosu! İçəridən çıxan-çıxan üzümüzə baxır təəccüblə:
- Azərbaycandan? Qafqazlardan?
Tərcüməçimiz izah edir. İçəri dəvət edirlər. Hamısı da əyləşir. Cavanlı-qocalı dinməzcə mənə qulaq asırlar. Gəlişimizin məqsədini izah etdikcə üzləri gülür, bir-biri ilə xısınlaşırlar. “Xoş gəlmisiniz”. Aha, demək düz gəlmişik. Bələdiyyə sədridir, deyəsən, əvvəl o başlayır:
- Düzü, heç ağlımıza gəlməzdi, necə deyərlər, yatsaq, yuxumuza gəlməzdi ki, Azərbaycandan müsafirimiz olar nə vaxtsa. O torpaqlar çox müqəddəs torpaqlardır bizim üçün. Elə öz torpaqlarımızdır. Biz o torpaqlar üçün canımızı fəda etməyə hazırıq. Necə ki, illər öncə heç kimin çağırışı olmadan oralara getdik. Orada kafirlərə qarşı savaşdıq. Amma gəlin, belə edək. Qoy mən xəbər eləyim, ağsaqqallar da gəlsin. Söhbəti sonra davam etdirək...

Razılaşırıq, harasa zəng edirlər. Qayıdıb deyirlər ki, yığışacaqlar indi. Bir az gözləyək. Bayıra çıxırıq. Deyəsən, Azərbaycandan gəldiyimizdən xəbər tutublar. Ətrafa o qədər adam yığışıb ki...
Bu vaxt biri yaxınlaşır. Və sizcə nə desə, yaxşıdır?
- Azərbaycana salam deyəcəm.
Dərhal da kameranın qarşısına keçir. Və məlum olur ki, sovetlərə qarşı döyüşmüş bu adam Bakıdan hansısa Miryəhyaya salam göndərir. Bəs Miryəhya kim ola? Sən demə, bizim bu Miryəhya sovet ordusunun tərkibində Əfqanıstanda xidmət edib. Və necə olubsa, əsir düşüb. Elə bu adamın əsiri olub. Zavalı Miryəhya da uzun müddət qorxusundan deməyib ki, azərbaycanlıyam, müsəlmanam. Qorxub ki, müsəlman kimi əfqanlara qarşı vuruşduğuna görə, bunu linç edərlər. Amma bir gün necə olubsa, Miryəhya həqiqəti deyib. Amma məlum olanda ki, Miryəhya da elə belə müsəlman deyil, azərbaycanlıdır, bunların ürəyi soyuyub. Bundan sonra Mirəhyaya qayğı ilə yanaşıblar. Yeməyini-içməyini bol ediblər. Hələ bu harasıdır? Bir gün Miryəhya deyib ki, əsgərliyimin bitməsinə 2 ay qalıb, məni buraxın. Bunlar da deyib ki, nə var o kafir yurdu Şurəvidə, qal burada, səni evləndirək. Razılaşmayıb. Onda deyiblər ki, gecə qaç get, orda, özünüzünkülərin yanına çatanda deyərsən ki, əsirlikdən qaçmışam...

- Miryəhya, salamlar, məni eşidirsən? Tanıdın məni?

***

Tarixi mənbələrə görə, bu adamlar Səfəvilər və ondan sonra Nadir şah hakimiyyəti zamanı imperiyanın dayaqlarını möhkəmlətmək məqsədiylə Azərbaycan ərazisindən Əfqanıstana köçürülmüşlərin nəvə-nəticələridir. Elə təkcə Qarabağ adıyla başlayan neçə yaşayış məntəqəsi var, bu ölkədə.
Bizim gedib çıxdığımız Qarabağ Kabil şəhərindən 60 km aralıda yerləşir. Əhalisinin sayı 21 min nəfərə yaxındır, Onların da böyük əksəriyyəti qızılbaşlardır. Əfqanıstanda Qarabağ adlı daha bir böyük yaşayış məntəqəsi var ki, - əhalisinin sayı 60 mini keçir - Qəzni vilayətində yerləşir. Amma Kabildəcə bizə bildirdilər ki, ora mühafizəsiz getmək çox təhlükəlidir, talibanın aktiv olduğu bölgələrdəndir.
Bizim olduğumuz Qarabağ isə Talibanın gücünün demək olar ki, yox olduğu bir bölgədir. Elə sonradan onu da biləcəkdik ki, Talibana qarşı başlayan mübarizədə onların ilk vurulub çıxarıldıqları məkanlardan biri elə Qarabağ olub…
…İçəridə əməlli tünlükdür. Ağsaqqallardan biri deyəsən, bunu hiss etdi. Cavanlardan bir neçəsinin bayıra çıxardı. Amma çıxmadılar, qapı ağzında durub maddım-maddım bizə baxırdılar. Bardaş qurub otururuq. Məni lap yuxarı başa çəkirlər, Ömər Ayxan adlı keçmiş mücahid komandirin yanına. Söhbətə də elə o başlayır:
- Bizə puştun da deyirlər, tacik də. Amma onu bilirik ki, dədə-babalarımız o tərəflərdən gəliblər. Siz də ordan gəlmisiz. Nəfsinizlə, qədəminizlə şərəf vermisiniz.
Təşəkkür edirik. Əslində ilk sualım o olacaqdı. Qarabağ, Azərbaycan adlı yer barədə soruşacaqdım düzü. Amma yaxşı ki, soruşmadım.
Bilirsinizmi niyə? Sən demə, onlarla kəndi olan Qarabağda Azərbaycan, Qarabağ adını bilməyən yoxdur. Üstəlik onu da biləcəkdik ki...

Yaxşısı budur, sizləri yormayaq. Ardını gözləyin. Çox maraqlı olacaq…

 

Müəllif | Apa.Tv