Məşhur yazıçı Qabriel Qarsia Markes vəfat edib
Dünyaca məşhur kolumbiyalı yazıçı, ədəbiyyət üzrə Nobel mükafatı laureatı Qabriel Qarsia Markes 88 yaşında dünyasını dəyişib.
Markes martın 30-da pnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Ötən həftə yazıçı evə buraxılıb və müalicəsi evdə davam etdirilirdi. Həkimlər Markesin vəziyyətini sabit kimi qiymətləndirirdilər.
Həyatının son günlərində həyat yoldaşı və iki oğlu yazıçının yanında olub. Qabriel Qarsiya Markes 1928-ci ildə Kolumbiyada anadan olub. 18 yaşında internatda oxuduğu dövrdə ilk dəfə yazmağa başlayıb. 1950-ci ildə hüquq fakültəsində təhsilini yarımçıq buraxıb özünü bütövlükdə ədəbiyyata və jurnalistikaya həsr etmək qərarı verib.
Beləliklə, ən böyük romanı olan, 16 il sonra "Yüz ilin tənhalığı" adlanacaq "Ev"i yazmağa başlayıb.
Markes "Gözlənilən bir qətlin qısa tarixçəsi", "Polkovnikə məktub yoxdur", "Patriarxın payızı", "Vəba dövründə məhəbbət" və başqa əsərlərin müəllifidir.
1982-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı alan yazıçı maqik realizm cərəyanın yaradıcılarından hesab olunur.