Bakıda tələbə öz evlərini qarət edib
Bakıda tələbə gənc öz evindən oğurluq edib. APA TV-nin məlumatına görə, hadisə Xırdalan şəhərindəki Quşçuluq yaşayış massivində baş verib. Massivin sakini Musayev Ələkbər Allahyar oğlu Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib ki, naməlum şəxs evin pəncərəsindən içəri daxil olaraq, 2700 manat dəyərində televizoru, anten otürücüsünü, eləcə də, 2700 manat və 2300 dollar nağd pulu oğurlayıb. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Bir gün sonra oğurluğun kim tərəfindən törədildiyi məlum olub.
Müstəntiq Ayaz Kazımovun sözlərinə görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Ələkbər Musayevin evindən oğurluq edən şəxs onun öz oğlu Səlimzadə Toğrul Ələkbər oğlu olub: "Toğrul Səlimzadə tərəfimizdən saxlanılıb və onunla bağlı müvafiq istintaq hərəkətləri aparılıb. O, törətdiyi cinayəti etiraf edib. Məlum olub ki, Toğrul Səlimzadə evdə heç kimin olmamasından istifadə edərək, evin pəncərəsini qəsdən sındırıb və hadisəni səhnələşdirib, televizor və pulu götürüb. O, pulu dostu Fətəliyev Elman Rövşən oğluna saxlaması üçün verib".
Toğrul Səlimzadə Bakı İdarəetmə və Humanitar Kollecinin 3-cü kürs tələbəsidir. O, oğurladığı televizoru Xırdalan şəhərində yaşayan taksi sürücüsünə saxlamaq üçün veribmiş. Tələbə gənc oğurluğu niyə etdiyini açıqlamaq istəməyib və bunun şəxsi məsələ olduğunu bildirib. İlk baxışdan çox mədəni və tərbiyəli oğul təsiri bağışlayan Toğrul bunları deyib: "Lazım idi, ona görə götürdüm. Atama deməmişdim. Desəydim, həmin məbləği verərdi. Sadəcə olaraq, ondan gizlin götürdüm".
Atasına demədən evdən bahalı televizor və xeyli miqdarda pul aparan Toğrul Səlimzadə tutduğu əməldən peşiman olduğunu bilidirib. Atasının oğlunu bağışlayıb-bağışlayacağını bilmirik. Bildiyimiz odur ki, Toğrul Səlimzadəyə qarşı Cinayət Məcəlləsinin oğurluq maddəsinin iki hissəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.