Rusiya, Ukrayna, ABŞ və Avropa Birliyi arasında yekun sənəd imzalandı
Cenevrədə Ukraynadakı vəziyyət müzakirə edilib. Rusiya-Ukrayna-ABŞ-Avropa Birliyi formatında keçirilən danışıqların iştirakçıları ekstremizmi pisləyiblər və təxribatlardan qaçmaq öhdəliyini götürüblər. Gərgin məsləhətləşmələrdən sonra diplomatlar yekun sənəd qəbul ediblər. Sənədin əsas prinsiplərindən biri belədir ki, Ukraynadakı böhranı ukraynalıların özləri həll etməlidir.
Rusiyanın xarici işlər naziri Sercey Lavrov bildirib ki, Ukraynada bütün qanunsuz silahlı birləşmələr tərksilah edilməli, qanunsuz ələ keçirilən binalar legitim sahiblərinə qaytarılmalıdır. Ukraynanın bütün şəhərlərində işğal edilən küçələr, meydanlar və digər ictimai yerlər azad edilməlidir. Ağır cinayətlər törədənlər istisna olmaqla, bütün etirazçılara qarşı amnistiya tətbiq olunmalıdır.
ABŞ-ın dövlət katibi Con Kerri isə məlumat verib ki, danışıq iştirakçıları tərəflərin istənilən zorakılıqdan, təhdiddən və təxribatçı hərəkətlərdən uzaq durmalı olması barədə razılığa gəliblər. Dövlət katibi deyib ki, ABŞ Cenevrə sənədinin yerinə yetirilməsi prosesini izləyəcək. Onun sözlərinə görə, Ukraynanın şərqindəki rusiyameylli qüvvələr sənədə dəqiqliklə əməl etməsələr, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.
Cenevrə görüşündən dərhal sonra Ukraynanın baş naziri Arseni Yatsenyuk bəyan edib ki, rəsmi Kiyev silahı yerə qoyan etirazçıları bağışlamaq öhdəliyi götürüb. Onun sözlərinə görə, ağır cinayətlər törədənlər istisna olmaqla silahı yerə qoyan hər kəsə qarşı amnistiya tətbiq ediləcək. Baş nazir onu da deyib ki, Ukrayna hakimiyyəti ölkənin şərq və qərb bölgələri ilə danışıqlara hazırdır.