Səlim Müslümov: "Bunlar nə işlə məşğul olurlar?"

"Ölkədəki vakansiyaların cəmi 22-23 faizini dövlət məşğulluq orqanları əldə edə bilib. Yəni 1/5-ni. Onda bunlar nə işlə məşğul olurlar?"

 

APA TV-nin xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi və aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində mövcud vəziyyətə həsr olunmuş iclasda Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədləbləylinin çıxışına belə reaksiya verib. Onun sözlərinə görə, insanların sosial rifahını yüksəltmək üçün normal peşə yönümü və ixtisasartırma məsələləri ilə məşğul olmaq və insanları normal şəkildə işlə təmin etmək lazımdır: "Kim, harada, hansı işdən çıxarılırsa, yerləşdirmə yeri var: Dövlət Məşğulluq Xidməti. Çünki heç bir iş görülmür. Bu ölkədə ən rahat yer sayılır. Halbuki ən çətin yerdir. Əlbəttə mən də başa düşürəm ki, 3 nəfərlə yerdə məşğulluq mərkəzinin direktoru heç bir şey edə bilməz. Masallının əhalisi 212 mindir. Məşğulluq xidməti 3 nəfərlə nə edə bilər? Bunlar hökumətin qarşısında qaldırılmalı idi. Masallıda təqribən 30 nəfər olmalı idi. Mən sizi sudan ağ çıxarmaq istəmirəm. Sadəcə ümumi bəlaları deyirəm".

 

Nazir 1-ci rübün yekunlarına dair hesabatla da çıxış edib. Onun sözlərinə görə, 1-ci rüb ərzində ölkədə istehsal olunan ümumdaxili məhsulun artımı 2,5 faiz təşkil edib. Sürətli inkişaf aşağı səviyyəli-təxminən 2 faizli inflyasiya ilə müşahidə olunub. Əhalinin pul gəlirləri 4,5 faiz artıb. Ölkədə orta aylıq əmək haqqının səviyyəsi 430 manata çatıb. Birinci rübdə təqribən 29 min yeni iş yeri yaradılıb.

 

Müəllif | Apa.Tv