“Fövqəladə hallarda özünü necə aparmalı” - TƏLİM
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə 252 nömrəli orta məktəbdə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Nəzəri və praktiki olmaqla iki hissədən ibarət olan tədbirdə FHN-nin 7 qurumunun, eləcə də Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşlarının və müxtəlif növ xilasetmə texnikasının iştirakı ilə keçirilib.
Məktəbin direktoru Xədicə Eminova bildirib ki, FHN qısa müddətə böyük işlər görüb və cəmiyyətdə dəstək qazanıb.
FHN-nin operativ məlumat şöbəsinin rəisi Vaqif Teymurov isə çıxışında fövqəladə hallar, onun təsnifatı, fövqəladə hal baş verdikdə insanların davranışı və təhlükəsizliyin təmin edilməsi ilə bağlı ətraflı məlumat verib. O bildirib ki, heç kim fövqəladə hallardan sığortalanmayıb.
FHN-nin struktur qurumları haqqında video çarx nümayiş etdirilib. Praktiki hissədə əvvəlcədən müəyyən edilən təlim nöqtələri üzrə FHN-nin qurumlarının fövqəladə hallar zamanı istifadə olunan xüsusi xilasetmə alət və avadanlıqları, eləcə də məktəbin həyətində qoyulması simulyasiya edilən partlayıcı qurğunun aşkarlanması və şərti yanğının söndürülməsi nümayiş etdirilib.