Əfqanıstan Qarabağı - çobanın danışdıqları, bir kisə üzüm və Qarabağ döyüşçüləri...

Bardaş qurub oturmuşuq. Görüşə təşrif buyuranlardan ikisi, Ömər Ayxan və İsa Xan keçmiş səhra komandirləridir. Əhməd Şah Məsudun ordusunda sovetlərə qarşı da vuruşublar, “Taliban”a qarşı da. İsa Xan deyir ki, Qarabağ və ətrafı Əfqanıstanın ən barlı-bərəkətli torpaqlarıdır.

 

Burda bir üzüm yetişir ki, vallah, 3-4 dənədən artıq yemək olmur. Adamın ağzını yandırır şirinliyi. Bizim kişmiş isə can dərmanıdır.
Elə bizim Qarabağda da üzüm yetişir. Kişmişi də ki…

 

Hamısı gülür cavabıma. İsa Xan onu da deyir ki, onların dədə-babaları həmişə deyərmiş ki, bizim əcdadlarımız o tərəflərdən gəliblər. Biz həmişə elə bilmişik ki, Azərbaycan ancaq İranda var, İranın şimal vilayətləri Azərbaycandır axı? İlk dəfə Azərbaycan, azərbaycanlı haqda daha müfəssəl eşitmək sizin əsgərlərin şurəvi ordusunda Əfqanıstana hücum edəndə bildik. Yadımdadır, sovetlər Əfqanıstanı tutmuşdular. Elə buraları da. Onların burda yaxında, “Baqram” dediyimiz yerdə böyük hərbi bazaları, aerodromları vardı. Minlərlə əsgər vardı orda. Bir dəfə bizim yaşlı çobanlardan biri xəbər gətirdi ki, orda iki əsgərin danışığını eşitdim, sonra özüm də danışdım, eynən mənim babalarım kimi danışırlar. Yəni o çobanın babaları kimi. Düzü, biz cavanlar həmin adamla zarafatlaşırdıq həmişə. Deyirdik ki, yəqin şurəvidən babalarının qohumları gəlib. Amma sonradan məlum oldu ki, hə, yazıq kişi düz deyirmiş. Şurəvi ordusunun tərkibində xeyli azərbaycanlı varmış sən demə.

 

Ömər Ayxan müdaxilə edir. Deyir burda, Qarabağda, Azərbaycandakı Qarabağ haqda eşitməyən, bilməyən yoxdur. 1990-cı illərin əvvəllərində biz orda savaşın başladığını eşitdik. Qış idi, hansısa telekanal qətlə yetirilmiş müsəlman uşaqlarını göstərirdi. Və tez-tez də “Qarabağ”, “Qarabağ” eşidirdik. Keçmiş komandan deyir ki, təkcə Qarabağdan Qarabağa 300 nəfərdən çox könüllü gedib. Elələri vardı aparmaq istəmirdik, qaçıb getmişdi. 10 nəfər şəhidimiz var. Bir çoxu da yaralı geri qayıdıb.
Elə oralarda qalanlarımız da oldu. Sizin qızlarla evlənənlər yəni. Bura qayıdanların çoxu isə “Taliban”la savaşda şəhid oldu. Qarabağlılar Qarabağ müharibəsində ölmədilər, amma “Taliban”la döyüşdə öldülər, Allahın işinə bax sən.

 

Açığı mənim üçün çox maraqlıdır: nə apardı axı sizi Azərbaycana? Pul, din, Qarabağ, nə?

Din və Qarabağ. Biz muzdlu döyüşçülər deyilik kii, pul alaq, savaşaq. Sizin əsgərlərə nə verirdilər, bizimkilərə də ondan. Yeməyi də, suyu da eyni. Biz təkcə müsəlman olduğunuza görə, Qarabağa getmədik. Elə Qarabağın özünə, adına görə getdik. Demək, həm də vətənimizi qorumaq üçün getdik. Əgər vətənə düşmən hücum edirsə, onun müdafiəsinə qalxırsansa, dində bu cihad adlanırsa, demək həm də cihada getdik. Bunu azərbaycanlı qardaşlarımıza da çatdırın, günü sabah da gedərik. Piyada gedərik, ayaqyalın gedərik. O müqəddəs torpaqlar həm də bizimdir.

 

Deyir, “əfqan qarabağlılar” Qarabağa gedəndə heyrətə gəliblərmiş.

Təbiət necə də bir-birinə bənzəyirmiş. Torpağı, suyu da eyni. Hətta bizimkilər sizin uşaqlara deyirmiş ki, çalışın erməni tərəfə az raket atasız. Səbəbini soruşanda deyirmişlər ki, raket torpağı xarab eləyir, bu cür bərəkətli torpağa raketlərlə məhv etməyin.

 

Yusif Qurbanallah deyir ki, onun iki əmisi oğlu Qarabağda həlak olub. Özü isə müharibə görməyib. Amma deyir ki, müharibə yetər daha. Bu torpaqları əkib-becərmək lazımdı ki, gələcək nəsillər firavanlıq içində yaşasın.

 

Deyir bütün Əfqanıstanda Qarabağı sən demə “Kaleyi-Qazi” kimi tanıyırlar. Yəni qazilərin, qəhrəmanların qalası.
Bu ad elə bizə bəsdir. Bizim bir Qarabağ da Qəznidədir. Ora burdan daha böyükdür. Amma “Kaleyi-Qazi” kimi bura tanınır. İnşallah, gec-tez sizin Qarabağa qonaq gələrik. Savaş olsa, mütləq alarsız o torpaqları. Amma bizlərdə belə deyirlər, halva yeməklə ağız şirin olmur…
Bizdə də belə deyim var.

 

Söhbətə Abdullah qoşulur. Deyir ki, Qarabağa Azərbaycandan gələn ilk adamlarsız.
Buraları unutmayın. Gəlin, gedin. Görürsünüz necə sakitlikdir? Əfqanıstanın ən sakit bölgəsidir. Bizlər varıq, yaxşıyıq, siz sağ olun.
Ortaya çay gəlir. Azərbaycanı soruşurlar, demək olar ki, hər şeylə maraqlanırlar. Necə deyərlər, nə yediyimizdən tutmuş, nə içdiyimizə qədər.
Sonra isə küçəyə çıxırıq. Maraqlıyıq bu adamlar üçün. Elə şərti olaraq “4 yol” adlandırdığımız bu yerdə biləndə ki, Azərbaycandanıq, başımıza yığışırlar. Xalçalarına baxırıq, xurmalarından dadırıq. Biri bizi evinə dəvət edir, hətta bir kisə kişmiş hədiyyə etmək istəyir, Təşəkkür edirik. Axşam düşür. Buralarda sakitlik olsa da, yol uzundur. Sürücü və tərcüməçimiz gecəyə düşmək istəmirlər. Komandanlarla da, qarabağlılarla da vidalaşıb Kabilə doğru yol alırıq. Həmin dağları, üzümlükləri, insanları, ən əsası Qarabağı Allaha və elə həmin adamlara əmanət buraxıb gedirik.

Yolda tərcüməçimiz Nəcib yenə dillənir:
İlk dəfə idi bura gəlirdiniz?
Hə.
Amma elə bil neçə vaxtdır bu adamlarla tanışsınız, elə qarşıladır ki…
Bəs necə qarşılamalı idilər ki?
Amma bunu Nəcibə demədim. Onsuz da başa düşməyəcəkdi…

 

Müəllif | Apa.Tv