Magistr və doktoranturada təhsil alan oğlanlara şad xəbər
“Elm haqqında” qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq. APA TV-nin xəbərinə görə, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib ki, qanun layihəsi keçən ilin payız sessiyasından hazırdır. Hazırda bəzi xərc tutumlu maddələrin müzakirəsi aparılır. Şəmsəddin Hacıyevin sözlərinə görə, qanun layihəsi ilə bağlı bütün rəylər, təkliflər, iradlar, tövsiyələr alınıb. Komitə sədri qeyd edib ki, magistr və doktoranturada təhsil alan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsinə dair maddə qanun layihəsində öz əksini tapıb: “Bəzən ictimaiyyətdə belə fikir formalaşır ki, magistr və doktoranturada oxuyanlar hərbi xidmətə getməyəcək. Amma burada söhbət yalnız möhlət hüququndan gedir. Boloniya prosesinə əsasən, təhsil 3 pilləlidir: bakalavriat, magistratura və doktorantura. Biz tərəfdarıyıq ki, hər 3 pillədə oğlanlara hərbi xidmətdən möhlət hüququ verilsin. Bu məsələ “Elm haqqında” qanun layihəsində öz əksini tapıb. Çalışacağıq ki, qanun layihəsi bu sessiya başa çatana kimi müzakirəyə çıxarılsın”.
Komitə sədri deyib ki, oğlan tələbələr bakalavriatı başa çatdırıb magistraturaya qəbul olunacaqsa, hərbi xidmətdən möhlət hüququ almaq hüququna malik olacaq. Bu, eyni zamanda magistraturadan doktoranturaya keçənlərə də şamil ediləcək.