Parlamentdə Hesablama Palatasının illik hesabatı dinlənildi
"Azərbaycan Hesablama Palatası ötən il 75 audit yoxlama həyata keçirib". APA TV-nin xəbərinə görə, bunu Milli Məclisdə Hesablama Palatasının illik hesabatı ilə bağlı çıxışı zamanı palatanın sədri Vüqar Gülməmmədov deyib. Bu yoxlamalardan 5-i dövlət büdcəsinin gəlirləri və xərcləri, 59-u büdcə vəsaitlərinin istifadəsinin təhlili, 4-ü büdcədən kənar fondlardan istifadə, 7-si Dövlət Torpaq Fondundan istifadə ilə bağlıdır.
Audit aparılan təşkilatlarda aşkarlanan bəzi nöqsanlar barədə danışan Vüqar Gülməmmədovun sözlərinə görə, hesabat ilində audit tədbirləri zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqlara yol verən 254 nəfər məsul şəxsə qanunvericiliklə nəzərdə tutulmuş qaydada iltizam tənbehi tətbiq edilib. Hesablama Palatası ötən il büdcə qanunvericiliyinin pozulması nəticəsində aşkarlanan 4,3 milyon manat, 38 min avroluq vəsaiti dövlət büdcəsinə ödətdirilməsinə nail olub. Dövlət Sosial Müdafiə Fonduna 196 min manat köçürülüb. 232 min manata yaxın vəsait bərpa edilib.
Vergilər Nazirliyi ilə birlikdə 2,5 milyon manatlıq əlavə vergilər hesablanıb. 1,7 milyon manatlıq əlavə iş və xidmət müəyyənləşdirilib. 1,2 milyon manatlıq inventar avadanlıq və dərman vasitələri alınaraq dövlət orqanlarına verilib. Uçotdan kənarda qalan 49,5 milyon manatlıq vəsait uçota alınıb. Hesabat dövründə Hesablama Palatası 132 təqdimat hazırlayıb ki, bunların 25 faizi nazirliklər, dövlət komitələrinə göndərilib.
Daha sonra deputatlar qanun layihəsini müsbət qiymətləndiriblər. İclasın davamında 6 qanuna dəyişiklik edilib, “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsi isə gündəlikdən çıxarılaraq müzakirəsi təxirə salınıb.