AMEA prezidenti gənc alimlərin məvaciblərinin artırılmasını vacib saymır

“Son illər Azərbaycan Milli Elmlər Akademiyasında elmi ekspedisiyalar unudulmaq üzrədir. Ekspedisiyaların maliyyələşdirilməsinə ehtiyac var və bununla bağlı Nazirlər Kabinetinə müraciət edilib”.

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə bildirib. Onun sözlərinə görə, bu gün ölkədə gənc alimlərə böyük ehtiyac var. Elmə qadınların daha çox gəldiyini deyən akademiya prezidenti vurğulayıb ki, elmi ekspedisiyalara getmək, uca dağların zirvələrini fəth etmək qadınlar üçün çətin olur: “Oğlanlar isə bu istqamətdə daha böyük işlər görə bilərlər. Oğlanları uzaq ezamiyyətlərə, təcrübəyə göndərmək mümkündür. Qızları da göndərmək olar, ancaq bu zaman müəyyən problemlər, ailə məsələləri və digərləri ortaya çıxır. Düşünürəm ki, bu, AMEA qarşısında duran əsas problemlərdən biridir”.

 

Akif Əlizadə deyib ki, gənc alimlərin məvaciblərinin artırılması hazırda çox da vacib deyil. Akademiya prezidenti hesab edir ki, elm özü qazanmalıdır. Alimlər, ələlxüsus gənc alimlər inkişaf etmək üçün fondların keçirdiyi qrant və layihələrdə iştirak edərək  oradan məvaciblərini artıra bilərlər.

 

Müəllif | Apa.Tv