Komitə sədri: "44 metrlik ərazinin İrana verildiyi barədə xəbərlər əsassızdır"

"İran mətbuatında Azərbaycanın sərhəd hissəsindən 44 metr ərazinin rəsmi Tehranın sərəncamına verilməsi barədə yayılan xəbərlər əsassızdır".

APA TV-nin xəbərinə görə, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib: “Mənim müavinim bu yaxınlarda İranda olub. Orada sərhədlərdən 44 metr alınıb-verilməsi söhbəti yoxdur. Sadəcə, iki ölkə arasında su elektrik stansiyasının tikilməsi üçün torpaq sahəsinin ayrılması və bunun üçün sərhəd məsələsinə baxılır. Bununla bağlı sərhədlərdə heç bir dəyişiklik olmayacaq. Bizim tərəfdə Ordubad, İran tərəfdə isə Mazarad ərazisində su elektrik stansiyası tikiləcək”.

 

Rusiya və Azərbaycan arasındakı mübahisəli ərazilərə gəlincə, komitə sədri xatırladıb ki, ötən ilin mayında Moskvada müvafiq komissiyanın üzvlərinin görüşü keçirilib və orada sərhədlərin demarkasiyası ilə bağlı qərar qəbul olunub: "Delimitasiya məsələsi artiq başa çatib.Ötən il danışıqlar Moskvada başa çatıb. Bundan sonra müəyyənləşdirlmiş ərazilərə məz nişanları taxacayıq."

 

Bakıda “Torpağın Avropa İttifaqının qiymətləndirmə standartlarına uyğun olaraq bonitirovkası və iqtisadi qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi ilə dövlət torpaq kadastrı məlumatlarının müasir qeydiyyatı sisteminin yaradılması sahəsində Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dəstək” layihəsinin bağlanış mərasimi keçirilib. Layihənin dəyəri 865 000 Avrodur.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı