AB rəsmisi: Azərbaycan Avropanın qaz bazarında daha böyük rol oynaya bilər

“Azərbaycan gələcəkdə Avropanın qaz bazarında daha böyük rol oynaya bilər”. APA-nın məlumatına görə, bu fikri Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə komissarı Günter Ottinger “Welt am Sonntag” nəşrinə müsahibəsində bildirib. Günter Ottinger Azərbaycanla yanaşı Norveç və Əlcəzairi də Avropanın qaz bazarında daha böyük rol oynaya biləcək ölkələr adlandırıb. Günter Ottinger həmçinin Avropa Birliyi ölkələrini Rusiya ilə enerji sahəsində əməkdaşlığı azaltmaqdan çəkindirib, bununla belə enerji daşıyıcılarının diversifikasiyası yollarını axtarmağa çağırıb. Avropa Birliyinin komissarı qeyd edib ki, Avropa Ukraynaya qaza görə yığılmış borcu Rusiyaya qaytarmaq üçün kömək etməlidir. Əks halda Rusiya ilə Qərb arasında yeni qaz müharibəsi başlaya bilər. “Hazırda mümkün qaz böhranından qaçılmalıdır və qış ayları üçün enerji təhlükəsizliyini təmin etmək lazımdır. Biz Ukraynaya 2 milyard dollar borcu ödəmək üçün kömək etməsək, Rusiya bu ölkəyə daha qaz nəql etməyəcək” deyə o vurğulayıb.

 

Ukraynanın önəmli tranzit ölkəsi olduğunu xatırladan Günter Ottinger Almaniyaya da toxunması ehtimalı olan çətin nəzarət oluna biləcək prosesin başlayacağını istisna etməyib.

Müəllif | Apa.Tv
Apa.tv