Zakir Həsənov: "Deməzdim ki, cəbhədə bölgəsində gərginlik artıb"
"İlk növbədə mən demək istəyirəm ki, mən Azərbaycana qarşı təhdidləri görməmişəm".
APA TV-nin xəbərinə görə, bunu, müdafiə naziri Zakir Həsənov deyib. Ordunun kənar təhdidlərə necə hazır olmasına münasibət bildirən nazir deyib ki, Azərbaycan stabil, inkişaf edən dövlətdir və bütün sahələrdə olduğu kimi bu proses ordu da gedir. Onun sözlərinə görə, ordumuz qarşıda duran vəzifələrin yerinə yetirilməsinə daim hazırdır. Zakir Həsənov, həmçinin cəbhə bölgəsində mövcud vəziyyətə də aydınlıq gətirib: "Mən deməzdim ki, cəbhədə bölgəsində gərginlik artıb, atəşkəs mütəmadi pozulur. Amma hamı tam əmin olsun ki, Azərbaycan Ordusu regionun ən güclü ordusudur, düşmənə layiqli cavab verir, verəcək də".
Naxçıvanda keçirilən genişmiqyaslı hərbi təlimlərdən danışan nazir bildirib ki, neçə illərdir dinamik inkişaf edən Naxçıvan etibarlı formada qorunmalıdır: "Naxçıvanın müdafiəsini daha da gücləndirmək məqsədilə Əlahiddə Ümumqoşun Ordusu yaradılıb. Bu ordunun fəaliyyətini, hazırlığını yoxlamaq üçün Naxçıvanda irimiqyaslı təlimlər keçirdik. Təlimlərdə iştirak edən 11 briqada yüksək döyüş hazırlığı nümayiş etdirdi. Bizə lazım idi ki, Əlahiddə Ümumqoşun Ordusunun döyüşə hazır olub-olmadığını yoxlayaq. Mən bir nazir kimi əminliklə deyirəm ki, Əlahiddə Ümumqoşun Ordusunun fəaliyyətindən, döyüş hazırlığından çox razıyam".
Cəbhə bölgələrinə səfərini də şərh edən nazir deyib ki, Azərbaycan ordusunun əsgərləri mərddirlər, düşməndən qorxmurlar, qarşılarında qoyulan vəzifələri yerinə yetirməyə və hər an hazırdırlar.