Müdafiə naziri: "Şəhidlərimizin intiqamını tezliklə alacağıq"

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Hərbi Lisey Günü” adlı mərasim keçirilib. APA TV-nin xəbərinə görə, liseyin şəxsi heyətinin qarşısında çıxış edən Müdafiə naziri Zakir Həsənov Heydər Əliyevin sahəsində liseyin yaranma tarixindən, habelə ordu quruculuğundan, I Qarabağ müharibəsində oynadığı mühüm roldan danışıb. Naxçıvanda keçirilən genişmiqyaslı hərbi təlimlərdən danışan nazir bildirib ki, digər bölgələrdə olduğu kimi, Naxçıvanda da hərbi strukturların inkişafına diqqət yetirilməlidir. O, təlimlərin şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratdığını qeyd edib. Hərbçilər istənilən təcavüzün qarşısını almağa, döyüş tapşırığını yerinə yetirməyə hazırdırlar. Zakir Həsənov ordunun istənilən vaxt torpaqları işğaldan azad etməyə, Ali Baş Komandanın əmrinə hazır olduğunu da vurğulayıb. Xeyli zabitimizin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olduğunu bildirən nazir "mən şəhidlərimizin ruhu qarşısında baş əyirəm və böyük əminliklə bəyan edirəm ki, Heydər Əliyevin siyasətini uğurla davam etdirən Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin intiqamını tezliklə alacağıq, torpaqlarımızı işğaldan azad edəcəyik" deyə bildirib.

 

Tədbirdə çıxış edən Azərbaycan prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev isə bildirib ki, Azərbaycan Ordusu regionda ən qüdrətli ordudur və düşmənlər bundan ciddi narahat olmağa başlayıblar. O bildirib ki, hər an Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqlarımızı azad etməyə hazır olmaq lazımdır.

İşğal altında olan torpaqlarımızın azad ediləcəyini deyən Vahid Əliyev qeyd edib ki, bu işdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi zabitlərin də rolu olacaq.Tədbirin davamında Müdafiə naziri Zakir Həsənovun əmri ilə bir qrup hərbi qulluqçu və müəllim fəxri fərmanla və qiymətli hədiyyələrlə təltif edilib.

 

Müəllif | Apa.Tv