Qubanın Güləzi kəndindəki qəzalı bütün evlər söküləcək
Qubanın Güləzi kəndində 4 il əvvəl baş verən torpaq sürüşməsi nəticəsində demək olar ki, bütün evlər qəzalı vəziyyətə düşüb. Kənddə yaşayan 189 ailə üçün Qubanın Aşağı Atuc kəndində yeni qəsəbə salınıb. Amma hələ də kənddə 25 ailə qəzalı vəziyyətdə olan evlərdə yaşayır. Burda yaşayanların əksəriyyəti yaşlı nəslin nümayəndələridir. Onlar burda əsasən, əkin-biçin işləri və maldarlıqla məşğuldurlar. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, onlar üçün rayonun Aşağı Atuc kəndində inşa olunan yeni qəsəbədə hər bir şərait yaradılsa da, təsərrüfat işləri üçün torpaq sahələrinin olmaması dolanışığı çətinləşdirib.Ona görə də geriyə qayıtmalı olublar.
Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov APA TV-yə bildirib ki, Güləzi kəndi ilə bağlı Fövqəladə Hallar Nazirliyi ilə birlikdə xüsusi proqram hazırlanır. Orda torpaq sürüşməsindən sonra qəzalı vəziyyətə düşən bütün evlər söküləcək. Onun sözlərinə görə, həmin kənddə olan 185 ailənin hamısı üçün Aşağı Atuc kəndində evlər tikilib və hər cür şərait yaradılıb. Güləzi qəzalı vəziyyətdə olan evlərdə yaşamaq onların həyatları üçün təhlükəlidir.
Qeyd edək ki, Qubadan 45 km uzaqlıqda yerləşən Güləzi kəndi torpaq sürüşməsi 125 hektar ərazini əhatə edib. Nəticədə 40-dan yuxarı ev dağılıb,kənddəki bütün yaşayış məntəqələrinə ziyan dəyib.