Gəncədən bu il 6, gələn il isə 5 hərbi hissə çıxarılacaq

Gəncədə çoxmərtəbəli binalardan ibarət kiçik şəhərciklər yaradılır.

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev I rübün yekunlarına həsr olunmuş toplantıda bildirib.

 

Onun sözlərinə görə, şəhərin müxtəlif yerlərində salınacaq şəhərcikləri 12 mərtəbəli binalardan ibarət olacaq.

E. Vəliyev bildirib ki, artıq “Yeni Gəncə” yaşayış massivində 12 ədəd 12 mərtəbəli binadan ibarət şəhərciyin salınmasına başlanılıb.

 

Bundan başqa, şəhərin Abbas Səhhət adlanan yaşayış massivində də 12 mərtəbəli binalardan ibarət şəhərcik salınmasına başlanıb. Heydər Əliyev park kompleksinin yaxınlığında isə geodeziya işləri aparılır. Orada da şəhərcik salınacaq.

 

ŞİH başçısı deyib ki, bu il 6, gələn il isə 5 hərbi hissə Gəncədən çıxarılacaq. E. Vəliyevin sözlərinə görə, hissələr köçürüldükdən sonra 800 hektar torpaq sahəsi boşalacaq və bu ərazilərdən şəhərin baş planına uyğun olaraq istifadə ediləcək.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli