Nazir müavini: "Məktəblərdə ayrıca din fənni tədris olunmur"
“Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası daha fundamental və mühüm sənəddir. Məktəblərdə din dərslərinin ayrıca fənn kimi keçirilməsi Dövlət Strategiyasına daxil ediləcək səviyyəsində olan məsələ deyil”.
APA TV-nin xəbəbrinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov bir sıra təhsil ekspertlərinin orta məktəblərdə din dərslərinin ayrıca fənn kimi keçirilməsi fikirinə münasibət bildirərkən deyb. Nazir müavini bildirib ki, hazırda məktəblərdə ayrıca din fənni tədris olunmur: “Ancaq bizim tədris planımızda ümumtəhsil məktəblərində “Həyat bilgisi” adlı fənn var. Bu fənn vasitəsilə həyatın müxtəlif sahələri ilə bağlı biliklər uşaqların yaş həddinə uyğun olaraq verilir. Orada da ümumilikdə müxtəlif dinlər barədə məlumatlar verilir”.
Nazir müavini onu da əlavə edib ki, strategiya təhsilin inkişafı üzrə hədəfləri müəyyənləşdirir və yaxın vaxtda Strategiyanın tətbiqi ilə bağlı növbəti sənədlər qəbul olunacaq. Onlardan biri Strategiyaya əsaslanan Fəaliyyət Planıdır. Fəaliyyət Planı təsdiq olunduqdan sonra təhsilin hər bir sahəsi üzrə dövlət proqramları qəbul olunacaq.