Əli Abbasov vətəndaşları qəbul edib
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Astarada vətəndaşları qəbul edib. APA TV-nin cənub bürosunun məlumatına görə, qəbulda Astara ilə yanaşı, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşlar iştirak ediblər. Nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda cənub bölgəsindən olan 40 nəfərin şikayət və müraciətləri dinlənilib.
Səslənən müraciətlərdə əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə qarşıya çıxan çətinliklər, işə qəbul, əmək haqqının artırılması ilə bağlı məsələlər üstünlük təşkil edib. Qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmaqla, onların bəziləri yerindəcə həllini tapıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətinə aid olmayan müraciətlər isə əlaqədar təşkilatlara çatdırılması üçün qeydiyyata alınıb.