Suriyada girovluqda olan 4 fransalı jurnalist azad edilib

Suriyada təxminən bir il girovluqda olan dörd fransalı jurnalist azad edilib. Onlar Türkiyə ərazisində, Suriya ilə sərhəddəki Akçakale şəhəri yaxınlığında əl-ayaqları bağlı vəziyyətdə aşkarlanıblar. Fransalı jurnalistlər Şanlıurfa şəhərindəki xəstəxanada tibbi müayinədən keçiriliblər. Müvafiq prosedurlardan sonra jurnalstlər Fransaya yola salınıblar.

 

Qeyd edək ki, müstəqil reportyor Nikolya Enen, fotoqraf  Pyer Torres, "Avropa-1" radiosunun əməkdaşları Eduard Elias və Didye Fransua Suriyanın şimalında ekstremistlər tərəfindən qaçırılıblar. Azad edilən jurnalistlərin durumunun yaxşı olduğu bildirilir.  Fransa vətəndaşlarının hansı qruplaşma tərəfindən qaçırıldığı məlum deyil.  KİV-də yayılan bəzi məlumatlara görə, jurnalistlər "İraq və Levanta İslam dövləti" adlı qruplaşmanın girovluğunda olublar.

 

Müəllif | Apa.Tv
Apa.tv