Bakıda zəncirvari qəza, xəsarət alanlar var
Ötən gecə Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
Rizvan Nəsirovun idarə etdiyi "Ford" markalı mikroavtobus Hövsan qəsəbəsindən şəhər mərkəzinə doğru hərəkətdə olarkən ötmə əməliyyatı zamanı qarşı hərəkət zolağına çıxıb və qarşıdan gələn "Lada" markalı minik maşını ilə toqquşub. Zərbənin gücündən minik avtomobili yol kənarındakı dərəyə yuvarlanıb. Arxadan gələn Qədir Ağayevin idarə etdiyi "Mercedes" markalı digər minik maşını isə "Ford"a dəyib.
Qəza nəticəsində "Lada"-da olan iki nəfər sürücü Elşən Mövsümov və sərnişin Nərgiz Qurbanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.
İlkin ehtimala görə, qəzaya "Ford" markalı mikroavtobus sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub. Qəzanın dəqiq səbəbi təyin edilən ekspertizanın rəyindən sonra məlum olacaq.
Suraxanı Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.