Rza Zərrab: "Yataq otağımda həbs edildim"

Türkiyədə səs-küylü 17 dekabr 2013-cü il korrupsiya əməliyyatı zamanı həbs edilən azərbaycanlı iş adamı Rza Zərrab sükutu pozub. APA TV-nin məlumatına görə, "A Haber" telekanalına müsahibəsində Rza Zərrab həbsinin təfərrüatlarından danışıb və  barəsində səslənən ittihamlara cavab verib.

 

Rza Zərrab dekabrın 17-si səhərə yaxın polis əməkdaşları tərəfindən yataq otağında həbs edildiyini bildirib: "Mən evimin ən məhrəm yerində, yataq otağımda həbs edildim. Heç bir xanım polis yox idi. 30 kişi polis var idi. Evli adam yataq otağında tək olarmı? Mənim həbs şəklim nə qədər əxlaqlıdırsa, bu əməliyyatın təməli də o qədər sağlamdır".

 

Rza Zərrabın sözlərinə görə, həbsxanada olarkən ona təklif edilib ki, günahı Türkiyə hakimiyyətinin üzərinə atsa, dərhal azadlığa çıxacaq. İş adamı bu təklifi qəbul etmədiyini bildirib.  Rza Zərrab iranlı iş adamı Babək Zəncani ilə münasibətlərindən danışarkən bildirib ki, onunla nə ortaqlığı, nə də dostluğu var. Onun sözlərinə görə, Babək Zəncani ilə cəmi iki dəfə görüşüb və bu görüşlər üst-üstə 4 dəqiqədən artıq çəkməyib. Rza Zərrab İranda barəsində həbs qərarının olması barədə xəbərləri də təkzib edib: "İstədiyim vaxt İrana gedib-gələ bilirəm. Orada şirkətlərim var. Hazırda atam da İrandadır".

 

Rza Zərrab özünün və qardaşının Türkiyə vətəndaşlığı alması müqabilində keçmiş daxili işlər naziri Müammər Gülərə rüşvət verməsi ilə bağlı iddialara belə münasibət bildirib: "Öz vətəndaşlığım 2006 və ya 2007-ci ildə olub. O vaxt daxili işlər naziri kim idi? Cənab Gülər idimi? Yanlış xatırlamıramsa, Abdulkadir Aksu idi. 1984-cü ildən Türkiyədə yaşayan bir insan kimi qardaşımın Türkiyə vətəndaşlığı almasına anormal nə var? Onun da vətəndaşlıq müraciəti cənab Gülərin nazirliyindən əvvəl baş verib. Vətəndaşlığa qəbulu cənab Gülərin nazir olduğu dövrə təsadüf edir".

 

Rza Zərrab İran casusu olması ilə bağlı iddiaları da təkzib edib. O, deyib ki, bir çox yerlərdə olduğu kimi İranda da bizneslə məşğuldur. İş adamı 17 dekabr əməliyyatı ilə bağlı istintaq və məhkəmə prosesi başa çatdıqdan sonra hər şeyin üzə çıxacağına, günahsızlığının sübut olunacağına əmin olduğunu da bildirib.

 

Müəllif | Apa.Tv