Azərbaycanın dağıdılmış tarixi abidələri yenidən AŞPA gündəmində
"Yaxın zamanda AŞPA-da "Cənubi Qafqazda mədəniyyətin vəziyyətini araşdırma komissiyası"nın yenidən təşkili məsələsinə baxılacaq. Məqsəd ermənilərin Azərbaycanın tarixi mədəniyyət abidələrinə qarşı həyata keçirdikləri vandalizim siyasətini bir daha Avropaya bəyan etməkdir".
Bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynov APA TV yə açıqlamasında bildirib. Onu sözlərinə görə, Azərbaycanın tarixi memarlıq abidələrinin ermənilər tərəfindən dağıdılaraq məhv edilməsi məsələsi 2001-ci ildən dəfələrlə AŞPA-da müzakirəyə çıxarılıb, lakin bu günə kimi bu istiqamətdə konkret addımlar atılmayıb. Millət vəkli Azərbaycan nümayəndə heyəti əlaqədar komissiyanın yenidən regiona səfərinin təşkil edilməsinə nail olmağa çalışacağını əlavə edib: "Ermənilər yalnız Azərbaycanın mədəni sərvətlərinə qarşı deyil, digər xalqların sərvətlərinə qarşı da hansı vandalizmləri törədiklərini görəcək. Ermənilər bu səfərə bir neçə dəfə mane olsalar da biz bu məsələləri ardıcıl şəkildə qaldırmaqla həqiqəti üzə çıxarmağa nail olacağıq. Artıq bu istiqamətdə ermənilərin yolu bağlanıb".
Sərsəng su anbarının AŞPA-nın yaz sesiyasında müzakirəyə çıxarılması barədə danışan Rafael Hüseynov hesab edir ki, bu, Azərbaycanın uğurudur: "Bu məsələ ilə əlaqədar AŞPA-nın xüsusi qərar qəbul edib məruzəçi təyin etməsi bütövlükdə Azərbaycan xarici siyasətinin uğuru hesab edilir. Bütün istiqamətlərdə Ermənistan ifşa edilir. Ermənistanın terrorçu, təcavüzkar, anti-insan siyasəti ifşa olunmalıdır və bu istiqamətdə işlər gedir. Düşünürəm ki, bu sənədin qəbul olunması və məruzənin hazırlanması da çox əhəmiyyətli hadisədir".
Rafael Hüseynov bu sənəd əsasında Avropa ölkələrindən neytral bir parlamentarın növbəti sessiyada məruzəçi təyin olunacağını qeyd edib. Azərbaycan nümayəndə heyəti isə bu gerçəklərin üzə çıxarılması üçün zəruri məlumatları onlara verməklə yardımçı olacaq.