Jurnalist Rauf Mirqədirov dövlətə xəyanətdə ittiham olunur

Aprelin 19-da Türkiyədən deportasiya edilərək Bakıya gətirilən jurnalist Rauf Mirqədirovun dövlətə xəyanətdə ittiham olunduğu məlum olub. Bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Fuad Ağayev məlumat verib. Onun sözlərinə görə, bu barədə ona Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən bildirilib: “İdarənin müstəntiqi İbrahim Ləmbəranski mənə zəng edərək Rauf Mirqədirovun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işinin açıldığını və təqsirləndirilən şəxsin hüquqlarının mənim tərəfimdən müdafiə olunmasını istədiyini bildirdi”.

 

Fuad Ağayev həmçinin jurnalistin saxlanıldığı yerin də artıq müəyyən edildiyini deyib: “Rauf Mirqədirov hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır”.
 

Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova