Sərxoş sürücünün idarə etdiyi "Prado" 3 avtomobili əzdi

Gecə saatlarında paytaxtın Nəsimi rayonunda 4 minik maşının toqquşması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, zəncirvari avtoqəzada Mirzəağa Əliyev küçəsi ilə hərəkət edərkən "Prado" markalı avtomobil "Mercedes"i vurub. Zərbənin təsirindən "Mercedes" hərəkətsiz halda olan "BMW" və "Hyundai" markalı minik maşınlarına çırpılıb. "Prado"nun sürəti yüksək olduğundan idarə etməni itirən sürücü yolun sol tərəfindəki dəmir arakəsməni qıraraq, Şəmsi Bədəlbəyli küçəsinə keçib. Bu dəfə "Prado"nun zərbəsinə tuş gələn isə daha bir "Mercedes" markalı minik maşını olub.

 

Şahidlərinin sözlərinə görə qəzanı törədən "Prado" markalı minik maşının sürücüsü sərxoş olub. Sözügedən şəxs qəzanı törətdikdən sonra hadisə yerindən uzaqlaşıb. Hadisə zamanı xəsarət alan olmayıb. Avto qəzada yararsız hala düşən avtomobillər evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Faktla bağlı Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv