Hərbi Dəniz Qüvvələrinin polkovniki rüşvətə görə tutulub
Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş zabiti rüşvət ittihamı ilə həbs edilib.
Bakı Hərbi Məhkəməsindən APA-ya verilən məlumata görə, HDQ-nin ehtiyatda olan polkovniki, 56 yaşlı Qasım Quliyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, müddət əvvəl Azərbaycan HDQ-də Hərbi Prokurorluq və Maliyyə Nazirliyinin iştirakı ilə kompleks yoxlamalar aparılması barədə məlumat yayılıb. Yoxlamalar HDQ-nin son 15 ildəki fəaliyyətini əhatə edir. Yoxlamaları aparan müstəntiqlər və Maliyyə Nazirliyinin nümayəndələri tərəfindən gəmi kapitanlarından ifadələr alınıb. Artıq ilkin araşdırma zamanı sabiq komandan, vitse-admiral Şahin Sultanovun komandan olduğu dövrdə külli miqdarda vəsaitin mənimsənilməsinə dair faktların ortaya çıxdığı bildirilir.
Eyni zamanda HDQ-nin 6 hərbi qulluqçusu saxlanılıb.