Əlliliyin təyin olunmasında YENİLİK
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası informasiya sistemi qurulub. APA TV-nin xəbərinə görə, əlilliyin müəyyən olunması sisteminin və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsinin tam avtomatlaşdırılması məqsədilə nazirlik tərəfindən tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası informasiya sisteminin qurulması üzrə işlər artıq başa çatdırılıb. Hazırda pilot işləri aparılan yeni proqram təminatı əlillik qrupları almaq üçün müraciət edən vətəndaşların xəstəlik vəziyyətləri, müayinələrin nəticələri barədə məlumatların Tibbi-sosial ekspert komissiyalarının TSEK-lər tərəfindən elektron yolla informasiya sisteminə daxil edilməsinə şərait yaradacaq. Vətəndaşların əlillik vəziyyətinin müəyyən olunması üçün göndəriş formalarının səhiyyə müəssisələri tərəfindən elektron məlumat mübadiləsi sistemi vasitəsilə komissiyalara göndərilməsi ilə bağlı tədbirlər görülür. Yeni yaradılan informasiya sistemi əlillik təyinatı barədə aidiyyəti dövlət orqanına təqdim olunmaq üçün vətəndaşlara kağız arayışların verilməsi praktikasına da son qoyacaq. Belə ki, əlillik təyin olunması barədə müvafiq məlumatların TSEK-lər tərəfindən aidiyyəti orqanlara elektron yolla və operativ şəkildə göndərilməsi təmin olunacaq.
Bu yenilik bu sahədə neqativ hallara şərait yaradan məmur-vətəndaş münasibətlərinin aradan qalxmasına və şəffaflığın təmin olunmasına, eyni zamanda vətəndaşlara göstərilən tibbi-sosial ekspertiza xidmətinin müasir tələblərə uyğun qurulması məqsədi daşıyır.