Krımda Ukraynanın 4 bankının fəaliyyəti dayandırıldı

Rusiya Mərkəzi Bankı aprelin 21-də Krımda işləyən dörd Ukrayna bankının işinin dayandırılması üçün göstəriş verib. Bunlar "PrivatBank", Ümum-Ukrayna Səhmdar Bankı, "Kyivska Rus" və "Imexbank"-dır.

 

APA TV-nin xəbərinə görə, Rusiya beynəlxalq hüququn ziddinə gedərək Ukraynanın Krım vilayətini bu yaxınlarda anneksiya edib. Prezident Vladimir Putin aprelin 21-də federal qanun imzalayıb. Bu qanun keçid dövründə Krım və Sevastopolda bank depozitlərini qoruyacaq.

 

Putin, həmçinin Qara Dənizdə Rusiya donanma qüvvələrinin yeni komandan müavinini təyin edib. Bu vəzifəyə Ukraynanın keçmiş donanma komandiri admiral Denis Berezovsky təyin olunub.

 

Putin Aleksandr Golublevi Prezidentin icra aparatının rəhbəri təyin edib.

 

Bundan əlavə Rusiya prezidenti Vladimir Putin keçmiş sovet məkanında rusdillilər üçün Rusiya vətəndaşlığı almağı asanlaşdıran qanunu imzalayıb. Daha bir qanun Rusiyada işləyən miqrant fəhlələrin öhdəliklərini müəyyənləşdirir.

 

İTAR-TASS xəbər verir ki, Rusiya Federasiyası, keçmiş Rusiya İmperiyası, yaxud SSRİ ərazisində daimi yaşayan, daimi yaşayan qohumları olan, yaxud əvvəl yaşamış rusdilli şəxsin Rusiya vətəndaşlığı alması mümkündür.

 

Putinin imzaladığı digər qanun miqrantlar üzərində rus dilini, tarixini və Rusiya qanunlarına dair əsas faktları bilmək öhdəliyi qoyur.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı