Bahar Muradova: "Azərbaycanda qadınların dövlət işində rolu artır"

Milli Məclisdə ölkədə həyata keçirilən “Dayaq” Mentorluq layihəsi çərçivəsində tədbir təşkil olunub. APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, layihənin əsas məqsədi qadınların yerli ictimai həyatda iştirakını gücləndirmək, eləcə də yerli səviyyədə gender yönlü idarəetməni təmin etməkdir. Hicran Hüseynova deyib ki, son illər Azərbaycanda qadınların qərar qəbuletmə və idarəçilikdə təmsil olunması məsələsinə ciddi diqqət yetirilir və artıq qadın siyasəti dövlət siyasətinə çevrilib: "Bu gün parlamentdə qadınların iştirakı 16 faizə çatıb. Eyni zamanda, son bələdiyyə seçkilərində qadın bələdiyyə üzvlərinin sayı 5 dəfə artaraq 4 min 194 nəfər təşkil edib. Bələdiyyə üzvləri arasında onların çəkisi 26, 7 faiz olub. Əvvəlki bələdiyyə seçkilərində isə bu göstərici 4 faiz təşkil edib".

 

Daha sonra çıxış edən milli məclisin sədr müavini Bahar Muradova bildirib ki, Azərbaycanda qadınların dövlət işində rolu getdikcə artır. Onun sözlərinə görə, qadınların idarəçilikdə daha yaxşı təmsil olunması üçün təkliflər olarsa, onların qanunvericiliyə daxil edilməsinə baxıla bilər. Daha sonra Cənubi Qafqazda Yerli Özünüidarəetmə Proqramının Azərbaycan üzrə qrup rəhbəri Katarina Lampe GİZ və proqram haqqında ümumi məlumat verib. Proqramla bağlı videoçarx nümayiş olunub.

 

Müəllif | Apa.Tv