Məcburi köçkünlərin yaşadığı binanın həyətində minalar tapıldı
Bakının Səbayıl rayonunda tank əleyhinə mina aşkar edilib. Səbayıl rayonu Əhəd Yaqubov küçəsində 14 saylı peşə məktəbinin həyətində tapılıb. APA TV-nin xəbərinə görə, söküntü işləri zamanı şübhəli əşya ilə qarşılaşan sakinlər hadisə barədə Fövqaladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat veriblər. Onların sözlərinə görə, burada peşə məktəbinin anbarı yerləşir. Hazırda binada məcburi köçkünlər yaşayır.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər ərazidə lazımi təhlükəsizlik tədbirləri görüblər. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə aşkarlanmış sursata baxış keçiriblər.
Müəyyən olunub ki, bunlar təlim məqsədi ilə istifadə edilən iki ədəd tank əleyhinə "TM-62 M" markalı və üzərində MVC-62 partladıcısı olan minadır.
Əraziyə əlavə baxış keçirilib və digər şübhəli əşya aşkar edilməyib.