Kürdəmirdə dəhşət: qonşusunu narkotik üstündə öldürdü

Kürdəmir rayonunda narkotik üstündə amansız qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə ötən gecə Kürdəmir şəhərinin Cənub məhəlləsində qeydə alınıb. Kənd sakini, 36 yaşlı Emin Zeynalov şəxsi münasibətlər zəminində qonşusu, 58 yaşlı Möhkəm Rəhimovu bıçaqlayaraq qətlə yetirib. Məlumata görə, qətli törədən Emin Zeynalov narkotik istifadəçisidir və o, tez-tez qonşusundan, pul alaraq özü üçün narkotik alırmış. Emin Zeynalov Möhkəm Rəhimovu öz evinə yeyib-içməyə qonaq dəvət edib. İki qonşu yeyib-içəndən sonra aralarında mübahisə yaranıb. Mübahisəyə səbəb isə Möhkəm Rəhimovun bu dəfə Emin Zeynalova narkotik almaq üçün pul verməməsi olub. Emin Zeynalov mətbəx bıçağı ilə öz evində, yeyib-içdikləri süfrə arxasında Möhkəmin ürəyinə xəsarət yetirib. Möhkəm Rəhimov Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

 

Hadisəni törədən Emin Zeynalov tutularaq istintaqa təhvil verilib.

 

Faktla bağlı Kürdəmir rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov