Qusarda içərisində 45 sərnişin olan avtobus aşdı

Dünən axşam saatlarında Qusar rayonu ərazisində içərisində 45 nəfərin olduğu avtobus aşıb. APA TV-nin məlumatına görə, qəza nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb. Hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 188-ci km-də qeydə alınıb. Gəncə-Moskva xətti üzrə hərəkət edən 52 yaşlı Gəncə şəhər sakini İlqar Əliyevin idarə etdiyi “Mercedes” markalı sərnişin avtobusu idarə etmənin itirilməsi nəticəsində yolun kənarındakı işıq dirəyinin üzərinə aşıb. Qəza zamanı avtobusdakı 45 sərnişindən 10-a yaxını yüngül xəsarətlər alıb. Onlara elə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Baş dövlət Yol Polisi İdarəsinin təhqiqatçısı Rauf Cəfərovun sözlərinə görə, qəza sürücünün ehtiyatsızlığı ucbatından baş verib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Müəllif | Apa.Tv
Vəli Turan