Krımda bayraq davası: Parlamentin binasından Ukrayna bayrağı çıxarılıb

Ukraynanın Krım Muxtar Respublikasında separatçılar Krım Tatarları Milli Məclisinin binası üzərindəki Ukrayna bayrağını endirərək, yerinə öz bayraqlarını asıblar. APA TV-nin xəbərinə görə, Krım tatarlarının lideri Mustafa Cəmil Krımoğlunun köməçkçisi Lilya Müslümova bildirib ki, özlərini könüllü müdafiəçilər kimi təqdim edən silahlı separatçılar Krım Tatarları Milli Məclisinin binasına üzərində Rusiya bayrağı olan avtobusla gəliblər. Onlar binadakı şəxslərə, o cümlədən, qadınlara qarşı zorakılıq ediblər. Lilya Müslümovanın sözlərinə görə, separatçıların hərəkətlərinə etiraz etsə də, hədələnib.

Lakin Krım türkləri təslim olmayıblar və qondarma Krım Respublikasının bayrağını endirərək, Krım tatarlarının bayrağını asıblar.

Qeyd edək ki, Krımda martın 16-da keçirilən psenvdoreferendumdan sonra da Krım Tatarları Milli Məclisinin binası üzərindəki bayrağı endirilmişdi. Lakin Krım tatarlarının lideri Mustafa Cəmil Krımoğlunun aprelin 19-da Krıma qayıdışından sonra Ukrayna bayrağı yerinə qaytarılmışdı. Krımın qeyri-legitim baş naziri Sergey Aksyonov isə Mustafa Cəmil Krımoğlunu təxribatçılıqda ittiham etmiş və onu Rusiya qanunları ilə cəzalandırılmaqla hədələmişdi.

 

Müəllif | Apa.Tv