Koreyada batan bərədə ölənlərin sayı 87-yə çatıb, 215 nəfər isə tapılmayıb
Cənubi Koreya sahillərində qəzaya uğrayan "Sevol" bərəsində ölənlərin sayı artır. Son məlumatlara görə, bərənin batması nəticəsində 87 nəfər ölüb. 215 adam itkin düşmüş sayılır.
Bərənin göyərtəsində 476 sərnişin və heyət üzvü olub. Sərnişinlərin əksəriyyəti tətil günlərində səyahətə yollanan şagirdlərdir.
Prokurorluq əməkdaşları bərənin həbs edilmiş kapitanı Li Çjun Soku dindirir. O, batan bərəni hamıdan əvvəl tərk edib. Kapitana qarşı səhlənkarlıq və dənizçilik qanunlarının pozulması ittihamları irəli sürülüb. İstintaq bərənin həddindən artıq yüklənib-yüklənmədiyini və xilasetmə qayıqlarının nəzərdə tutulan sayda olub-olmadığını da araşdırır.
Heyət üzvlərinin sahil mühafizəsi xidməti ilə danışıqlarından belə aydın olur ki, faciə zamanı bərənin göyərtəsində vahimə yaranıb.
Faciənin baş verdiyi ərazidə axtarış işləri davam etdirilir. Xilasetmə əməliyyatına onlarla gəmi və təyarrə, eləcə də, 500-dən çox xilasedici cəlb edilib. İtkin düşən sərnişinlər və heyət üzvlərinin sağ tapılacağına ümid qalmayıb.
Xatırladaq ki, "Sevol" bərəsi ötən həftənin çərşənbə günü batıb. Cəmi 174 nəfəri xilas etmək mümkün olub.