ABŞ-ın vitse-prezidenti Kiyevə səfər edib
ABŞ-ın vitse-prezidenti Cozef Bayden Kiyevə səfər edib. O, iki gün davam edəcək səfər çərçivəsində prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov, baş nazir Arseni Yatsenyuk və parlamentin nüfuzlu üzvləri ilə görüşəcək. Baydenin Ukraynaya energetika və iqtisadiyyat sahəsində texniki yardım paketinin ayrıldığını elan edəcəyi, eləcə də, mayın 25-inə təyin edilən prezident seçkilərindən danışacağı gözlənilir.
ABŞ-ın vitse-prezidentini hava limanında qarşılayan Ukraynanın xarici işlər naziri Andrey Deşitsa Slavyanskada saxlanılan jurnalist İrma Kratın məsələsinə toxunub. O, bildirib ki, Rusiya tərəfi ekstremistlərin girov götürdüyü jurnalistə qarşı atılan addımları pisləməlidir. Ukraynanın xarici siyasət idarəsinin rəhbəri hesab edir ki, jurnalistin girov götürülməsi terrorçuluqdur.
Slavyanskda olan ATƏT nümayəndələri saxlanılan xanım jurnalistlə görüşüblər. Jurnalist bildirib ki, ona qarşı heç bir zorakılıq olmasa da, hərdən hədələnir.
Federallaşma tərəfdarları İrma Kratı casusluqda ittiham edirlər.