Suriyada prezidentliyə namizdələrin qeydiyyatı başladı
İynun 3-də Suriyada Prezident seçkisi keçiriləcək. Aprelin 21-də Suriya parlamentinin spikeri Mohammad Lahham bu barədə parlamentdəki çıxışında bildirib. Bu gündən başalyaraq mayın 1-dək namizədlərin qeydiyatına strat verilib.
“France-Presse” agentliyinin xəbərinə görə mart ayında Suriya parlamenti ölkə tarixində ilk dəfə olaraq, bir neçə nəfərin prezident seçkilərində iştirak etməsinə imkan verən qanun layihəsini təsdiqləyib.
Qanuna əsasən, seçkilərdə iştirak etmək istəyən namizədlər 250 yerdən ibarət olan parlamentin ən azı 35 üzvünün dəstəyini qazanmalıdır. Bundan əlavə, prezidentliyə namizədin ən azı 40 yaşı olmalıdır və o, həyatının son 10 ilini Suriyada yaşamalıdır. Namizədin digər ölkə vətəndaşı olması da qadağandır.
Qanunverici orqan ölkə xaricində olan vətəndaşlar və qaçqınlar üçün seçkilərin mayın 28-də keçiriləcəyi barədə qərar qəbul edib.
Qeyd edək ki, Suriyanın hazırkı dövlət başçısı Bəşər Əsəd builki prezident seçkilərində namizədliyini irəli sürəcəyini istisna etməyib.
Suriya hökuməti seçkilərin ləğvini və ya vaxtının dəyişdirilməsinin mümkünlüyünü istisna edib.
Xatırladaq ki, 2011-ci ildən başlayan vətəndaş qarşıdurması nəticəsində Suriyada 150 mindən artıq insan həlak olub.