İmişlidə 5 otaqlı ev külə döndü
İmişlidə fərdi yaşayış evi yanıb. APA TV-nin xəbərinə görə, hadisə ötən gecə rayonunun Mirili kəndində Şahin Fərəcova məxsus fərdi yaşayış evində baş verib. Elektrik naqilində yaranan qısa qapanma nəticəsində alov yaranıb, yanğın evin dam hissəsini bürüyüb. Ümumi sahəsi 120 kvadrat metr olan 5 otaqlı ev əşyaları ilə bir yerdə yanıb. Yaxınlıqdakı qonşular kömək etmək istəsələr də, alov güclü olduğundan çarəsiz qalıblar.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İmişli rayon yanğından mühafizə xidmətinin iki ədəd texnikası və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.