Bakıda "Niderland həftəsi" keçirilir
"Azərbaycan və Niderland arasında ticarət dövriyyəsinin həcmi ötən il 320 milyon dollar təşkil edib. Niderland şirkətləri əsasən, Azərbaycanda qeyri-neft və qeyri-maliyyə sahələrinə sərmayə yatırır. Ötən il Niderland Azərbaycana 180 milyon dollar sərmayə yatırıb".
APA TV-nin xəbərinə görə, bunu Niderlandın Azərbaycandakı səfiri Robert Yan Qabriels Niderlandın Kral Günü münasibətilə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib: "İki ölkə arasında ikitərəfli iqtisadi əlaqələr getdikcə inkişaf edir. Niderland şirkətləri Azərbaycan iqtisadiyyatına daha çox maraq göstərir. Azərbaycana səfərə gələn Niderland ticarət missiyasının keçirəcəyi görüşlərdə bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsi yolları müzakirə olunacaq və bu səfər səmərəli olacaq".
Aprelin 22-26-da Kral Gününü qeyd etmək üçün Niderland Krallığının Azərbaycandakı səfirliyi Bakıda "Niderland Həftəsi" təşkil edir. Bu münasibətlə həftə ərzində Bakıda müxtəlif tədbirlər keçiriləcək.