Sergey Lavrov: "Xəzərin hüquqi statusu haqqında Konvensiya Həştərxan sammitinədək hazır olmayacaq”
“Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan dənizin statusunun müəyyənləşdirilməsi məsələsində ciddi irəliləyiş əldə edib”.
APA TV-nin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin XİN rəhbərlərinin Moskva görüşünün yekunları ilə bağlı açıqlamasında deyib.
“Biz Xəzərin hüquqi statusuna dair Konvensiya üzərində işin gedişini nəzərdən keçirdik və bugünkü danışıqlarda əldə edilən razılıqlar da daxil olmaqla, ciddi tərəqqi olduğunu təsdiq etdik”, - deyə Lavrov söyləyib.
Rusiyalı nazir qeyd edib ki, dövlət başçılarının bu ilin payızında keçiriləcək zirvə toplantısının müzakirəsinə çıxarılacaq bir sıra sənədlər ciddi işlənmə mərhələsindədir. Artıq Xəzər dənizində sərhədlərin müəyyən edilməsi məsələsində irəliləyiş əldə etmək mümkün olub: "Xəzərin hüquqi statusu haqqında Konvensiya bu ilin payızında Həştərxanda keçiriləcək sammitə qədər hazır olmayacaq”.
“Xəzər dənizində hərbi qüvvələrin mövcudluğu və hərbi fəaliyyət bütün sahilyanı ölkələr üçün bərabər təhlükəsizlik şəraitinin təmin edilməsi prinsipinə əsaslanmalıdır. Bu, region dövlətləri arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, habelə Xəzər dənizinin dostluq və əməkdaşlıq zonasına çevrilməsinə xidmət edəcək”.
Bunu isə toplantıda çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib: “Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzər dənizi dibinin bölünməsi ilə bağlı imzalanmış sazişlərə böyük önəm veririk. Bu sazişlər Xəzərin hüquqi statusunun ayrılmaz hissəsidir və ümumi anlaşmaların əldə edilməsi üçün əsasdır”.
Nazir Azərbaycanın Xəzərin hüquqi statusu ilə bağlı məsələnin danışıqlar yolu ilə həllinə sadiq qaldığını vurğulayıb.
E.Məmmədyarov bildirib ki, Xəzər dənizində fövqəladə halların aradan qaldırılması və hidrometeorologiya sahəsində əməkdaşlığa dair sazişlər artıq hazırdır. Xəzərin bioloji resurslarının qorunması və rasional istifadəsi haqda saziş üzərində aparılan iş isə yekunlaşmaqdadır.