Qanunsuz parkinqlərə kim nəzarət edir?

Bu yaxınlarda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda qanunsuz parklanma yerlərinin ləğv olunması ilə bağlı sərəncam imzalanıb. Həmin sərəncamda deyilir ki, Bakıda səkilərdə, yolun hərəkət hissəsində, parklarda və metroların qarşısında avtomobil saxlayanlara qarşı tədbir görüləcək. Apardığımız müşahidələr göstərir ki, paytaxtın bəzi küçə və prospektlərində həmin sərəncam hələ də icra olunmur.

 

Ötən gecə apardığımız müşahidələr zamanı Bakının böyük prospektlərindən sayılan "Neftçilər"də yolun sağı və solunun avtodayanacaq kimi istifadə olunduğunun  şahidi olduq. Halbuki, həmin ərazinin yaxınlığında iki böyük yeraltı dayanacaq yerləşirdi. Sürücülər isə "dayanmaq və durmaq qadağandır" yol nişanının əhatə dairəsində rahatca maşınları atıb gedirdilər. Qanunsuz parkinqlə məşğul olanlar üçün də dəyişən bir şey yox idi. Həmişə kimi hava qaralmamışdan böyük prospekt və küçələri öz aralarında bölmüşdülər.

 

Nəzarətçi Bayram Bayramov APA TV-yə bunları deyir: "Əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinin işçiləri idik. İndi heç bir yerə tabe deyilik. Burda maşın saxlamağa icazənin olub-olmadığı bilmirəm. Burda çörək puluna görə dayanmışam. Balalarım var, neyləyim? Məcburam. Əvvəl plan verirdik. İndi bizə baxan yoxdur"

 

Qanunsuz parkinqlə məşğul olanlardan sürücülər də şikayətləndilər. Söhbətləşdiyimiz paytaxt sakini Nicat İmanquliyev bildirdi ki, bir neçə dəfə pul verərək maşınını yol kənarında saxlamasına baxmayaraq, avtomobili  yol polisi tərəfindən cərimə meydançasına aparılıb: "Bir neçə dəfə olub ki, əvvəlcədən bir manatımı alıb, məni arxayın ediblər. Çıxıb görmüşəm ki, maşını aparıblar. Soruşmuşam ki, bəs hanı maşın? Deyiblər ki, yol polisi apardı, mane ola bilmədik. Hərəsi yaşıl rəngli bir gödəkcə geyinib düşüb küçələrə, pul yığırlar. Heç bilinmir haranın işçiləridir".

 

Apardığımız müşahidələr zamanı yol polisinin bəzi maşınlara yaxınlaşaraq avtomobillərin şəklini çəkib onlara cərimə yazığının da şahidi olduq. Ancaq buna baxmayaraq, yol polisinə məhəl qoymayan sürücülər maşınlarını prospektdə atıb-getməyə davam edirdilər.

 

Müəllif | Apa.Tv