Məleykə Abbaszadə qəbul keçirib
Şəmkirdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Qərb bölgəsindən olan vətəndaşları qəbul edib. APA-TV-nin Qərb bürosunun verdiyi məlumata görə, komissiya sədri Gəncə, Şəmkir, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax və Ağstafa rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünləri qəbul edərək onların müraciətlərini dinləyib. Müraciətlər əsasən sənəd qəbulu, əvvəlki illərin məzunlarının möhlət hüququ alması və təhsil sahəsindəki digər məsələlərlə bağlı olub.
Qəbula gələnlər komissiya sədrinə qəbul qaydalarında tətbiq olunan yeniliklər, sınaq imtahanlarının sayının artırılması və digər məsələlərə dair rəy və təkliflərini bildiriblər. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb. Bəzi vətəndaşların komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.