"Mərakeş çəyirtkələri" əkin sahələrinə ciddi ziyan vurur
Azərbaycanın bir neçə rayonunda əkin sahələrini "Mərakeş çəyirtkəsi" kimi tanınan həşərat sürülərinin hücumuna məruz qalıb. Əsasən, ölkənin Aran rayonlarında təsadüf olunan zərərvericilərə qarşı kütləvi mübarizə tədbirlərinə başlanıb. Mütəxəssislərin hesablamalarına görə, yeni yumurtadan çıxan zərərvericilər vaxtında məhv edilməsə, bir müddətdən sonra əkin və otlaq sahələrinin taleyi sual altında qalacaq.
Beyləqan rayonunun Şirinqum adlanan ərazisində çəyirtkə sürülərinin artımı müşahidə olunub. Beyləqan Bitki Mühafizəsi və Karantin İdarəsindən verilən məlumata görə, hər il aparılan müşahidələr zamanı məlum olur ki, rayon ərazisində 2000 hektardan çox ərazidə zərərverici sürülər meydana gəlir.
Beyləqan rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Əlikərəm Allahyarov deyib ki, zərərvericilərə qarşı mübarizə üçün ətraf rayonlardan da, canlı qüvvə və kənd təsərrüfatı texnikaları cəlb olunub. "Mərakeş çəyirtkələri"nin əkin sahələrinə zərər vurma halları İmişli, Saatlı və Sabirabad rayonlarında müşahidə edilib.