Silahlı Qüvvələrin Baş Klinik Hospitalında 85-ci açıq ürək əməliyyatı keçirilib

Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının ötən il fəaliyyətə başlayan Ürək-damar şöbəsində 85-ci uğurlu açıq ürək əməliyyatı həyata keçirilib.

 

APA TV-nin xəbərinə görə, əməliyyat zamanı 32 yaşlı mülki şəxsin - Mikayıl Sultanovun çox mürəkkəb ürək-damar qüsuru - qalxan aortanın nəhəng anevrizması və ciddi aorta qapaq çatmazlığı - aradan qaldırılıb. Xəstənin aorta qapağı qalxan aorta ilə birlikdə süni protezlə aorta qövsünədək dəyişdirilib, ürəyin tac arteriyaları reimplantasiya edilib.

 

Ürək-damar şöbəsinin rəisi, tibb xidməti mayoru Anar Əmrah APA TV-yə açıqlamasında əməliyyatın və sonrakı dövrün fəsadsız keçdiyini deyib. Mərkəzdə ilk açıq ürək əməliyyatının ötən il ötən il oktyabrın 8-də keçirildiyini deyən şöbə rəisi, ilk əməliyyatın xidmətdə olan 34 yaşlı zabitin üzərində aparıldığını deyib: “Kapitanımız ağır infarkt keçirmişdi, ürəyin atım gücü 35 faizi idi, iki damarında şuntlama əməliyyatı apardıq. Son model cihazlarla işləsək belə, onların işləməsi, ilk əməliyyatın aparılması bizim üçün həyəcan  yaradırdı. Şükür ki, əməliyyat uğurla başa çatdı. O zamandan bu günə kimi burada aparılan bütün heyət azərbaycanlı hərbçi mütəxəssislərdir. Kənardan gələn bir mütəxəssis də burda əməliyyatlarında iştirak etməyib. Bu da bizi çox sevindirir. Çox təəssüflər olsun ki, ürək əməliyyatların xəstə itirilməsi halları olur. Dünyanın ən aparıcı klinikalarında da bu baş verir. Təbii ki, bundan qaçmaq mümkün deyil. Amma şükürlər olsun ki, biz bu günə kimi itki ilə qarşılaşmamışıq”.

 

1995-ci ildən Türkiyənin Gülhanə Əsgəri Tibb Akademiyasında təhsilə başlayan və ötən il Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək-damar mərkəzinin qurulması üçün Azərbaycana dəvət olunan kardiocərrah, şöbənin yerləşdiyi, ən müasir standartlara cavab verən korpusun ölkə rəhbərliyinin xüsusi təşəbbüsü ilə formalaşdırıldığını deyib: “Çox sevindirici haldır ki, Azərbaycan Silahlı Qüvvələrinin belə bir ürək-damar mərkəzi var. Hər cür mürəkkəb ürək-damar xəstəliklərini müayinə, müalicə etmək, qüsurları aradan qaldırmaq üçün bütün imkanlar yaradılıb. Mərkəz müasir standartlarına cavab verən avadanlıqlarla təchiz olunub. Ölkə rəhbərliyi bütün avadanlıqların alınması ilə bağlı bizim istəyimizi nəzərə alıb. Bununla bağlı ölkə rəhbərliyinə minnətdarlığımızı bildiririk”.

 

Mərkəzdə hərbçilərlə yanaşı mülki vətəndaşlara da xidmət göstərilir: “Azərbaycan prezidenti, Ali baş komandan İlham Əliyev açılış mərasimində göstəriş verdi ki, bura təkcə hərbçilərimiz üçün deyil, ölkənin hər bir vətəndaşı üçün xidmət göstərən mərkəz olmalıdır. Təbii ki, hərbçilər tam pulsuz müayinə, müalicə olunurlar. Digər vətəndaşlar isə prezidentimizin göstərişi ilə daha münasib qiymətə burada müayinə və müalicə olunmaq imkanlarına malikdirlər”.

 

Uzun müddət Türkiyədə çalışan mütəxəssis Azərbaycandakı xəstələrlə Türkiyədəki xəstələri müqayisə edərək ölkəmizdə ürək xəstələrinin vəziyyətinin daha ağır olduğunu deyib:

 

“Vətəndaşlarımız sağlamlıqlarına çox diqqət yetirmirlər. Biz əməliyyat zamanı döş qəfəsini açanda ağ ciyərləri də görə bilirik. Azərbaycanda gördüyüm ən böyük problem ağ ciyər problemidir. Bizim insanlarımız çox aqressiv bir şəkildə siqaret çəkirlər. 

Təəssüflər olsun ki, Azərbaycanda həkimlərin də siqaret çəkməsinin şahidi oluruq. Həkimlər nümunə olmalıdırlar. İnsanlarımız siqaret çəkən insanın ağ ciyərinin hansı vəziyyətdə olduğunu bilsəydilər, buna qarşı çıxarlar”.

 

Azərbaycanda ürək qüsuru ilə doğulan uşaqlara da geniş rast gəlindiyini deyən mütəxəssis anadangəlmə ürək qüsuru problemini kökündən həll etmək üçün böyük mərkəzlərə ehtiyac olduğunu açıqlayıb: “Avropada uşağa diaqnoz ana bətnindəykən qoyulur. Orta hesabla hamiləliyin 22-25-ci həftəsində fetal-exokardioqram aparılmalıdır. Uşağın ürəyində problemin olub-olmadığı aşkar edilməlidir. Əgər kompleks bir problem varsa, uşaq yüksək ixtisaslı bir mərkəzdə dünyaya gəlməlidir. Problemə orda müdaxilə olunmalıdır. Amma təəssüflər olsun ki, ölkəmizdə bu mövzuda maarifləndirmə çox azdır. Uşaq anadan olanda nəfəs ala bilmir, göyərir, o zaman kardioloqa müraciət olunur və  bəlli olur ki, uşaqda anadangəlmə ürək qüsuru var. Düzgün diaqnoz qoyulsa, vaxtında əməliyyat olunsa, o uşaqlar cəmiyyət üçün faydalı ola bilərlər. Valideynlər də böyük travmalar almazlar”.

 

Qəfləti ölümlərin bir çox hallarda ürəkdə yaranan problemlərlə bağlı yarandığını deyən A. Əmrah qeyd edib ki, bəzən ürək ritmində kiçik pozulmalar öldürücü ritm pozğunluğu yarada bilər. Onun sözlərinə görə, qəfləti ölümlər ən çox genetik faktorlarla bağlı ortaya çıxır:

 

“Bizim insanlar həkimə olduqca gec müraciət edirlər. İldə bir dəfə də olsa, ürəklərini müayinə etdirmirlər. 40 yaşından sonra həkimə müraciət edib, ürək müayinəsi aparmaq vacibdir. Əgər genetik olaraq problem varsa, 35 yaşdan sonra mütləq yoxlanmaq lazımdır. Bu gün ürək müayinəsinin aparılması olduqca asandır. Exo, Kardioqram müayinəsi etməklə, qaçış testi ilə, qanda yağların miqdarını təyin etməklə ürəkdəki böyük problemləri aşkar etmək mümkündür. Bu maddi olaraq böyük vəsait tələb etmir, həm də böyük vaxt lazım olmur. Kompüter - anjioqrafiya cihazı vasitəsilə artıq 5-6 saat xəstəxanada yatmadan ürək damarları barədə 99 faiz dəqiqliklə məlumatlar almaq olur”.

 

Qeyd edək ki, ötən ilin iyun ayında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümü münasibəti ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ikinci müalicə korpusunun açılışı olub. Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılışda iştirak edib, yaradılmış şəraitlə tanış olub. Prezident İlham Əliyev yeni korpusun ürək-damar şöbəsinə də baş çəkib.

 

Müəllif | Apa.Tv
Məhbubə Qasımbəyli