Azərbaycan-İran sərhədində əməliyyat keçirilib
Azərbaycan sərhədçiləri İrandan qanunsuz yolla ölkəyə 58 kiloqrama yaxın narkotik vasitənin gətirilməsinin qarşısını alıblar.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, aprelin 12-də gecə saatlarında Horadiz Sərhəd Dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan istiqamətində külli miqdarda narkotik vasitə keçirməyə cəhd edən naməlum şəxs ərazidə xidmət aparan DSX-nin hərbi qulluqçuları tərəfindən aşkarlanıb. Onun Azərbaycan ərazisinə daxil olmasının qarşısı alınıb, nəticədə sərhəd pozucusu geri qaçmağa məcbur olub. Sərhəd pozucusunun hərəkət marşrutu üzrə ərazidə axtarış tədbirləri keçirilib və 3 kiloqrama yaxın tiryək aşkarlanıb.
Aprelin 15-də isə Göytəpə Sərhəd Dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində 3 nəfərdən ibarət dəstənin Azərbaycana külli miqdarda narkotik vasitə keçirməsinin qarşısı alınıb. Sərhəd pozucuları geri qaçmağa məcbur olublar. Keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə 9,1 kq heroin, 14 kq tiryək, 22,9 kq həşiş qətranı, 8,7 kq qurudulmuş marixuana, 120 qram kristal formasında heroin və 300 ml qabda metodon məhlulu tapılıb.
Hər iki faktla bağlı cinayət işləri başlanılıb.