Azərbaycan prezidenti “Şərq Tərəfdaşlığı” proqramının Praqa sammitinə qatılacaq

"Azərbaycan prezidenti İlham Əliyev Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının Praqa sammitində iştirak edəcək".

APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov deyib.  “Şərq Tərəfdaşlığı” proqramımın 5-ci ildönümünə həsr edilən sammit aprelin 24-25-də keçiriləcək. Nazir Elmar Məmmədyarov aprelin 22-də Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskva görüşü barədə də danışaraq, Azərbaycanın mövqeyinin Xəzərin sülh və əməkdaşlıq dənizinə çevrilməsi olduğunu vurğulayıb. Azərbaycanlı diplomat xarici siyasət idarəsi rəhbərlərinin Həştərxanda keçiriləcək zirvə toplantısında müzakirə ediləcək yekun sənəd üzərində iş apardıqlarını qeyd edib: "Danışıqlar konstruktiv şəkildə keçdi. Xəzərin hüquqi statusu ilə bağlı daha bir addım atdıq. 5 ölkənin hər biri razıdır ki, bu məsələni irəli aparaq. Dünənki görüşü pozitiv dəyərləndirirəm və düşünürəm ki, bu görüş statusun müəyyənləşdirilməsi üçün daha böyük imkanlar açacaq".

Nazir bildirib ki, gələn ayın axırı və ya iyunun əvvəli xarici işlər nazirlərinin müavinləri səviyyəsində daha bir görüş İranda keçiriləcək. Lazım gələrsə, zirvə görüşünə kimi xarici işlər nazirlərinin daha bir görüşü keçirilə bilər.

 

Müəllif | Apa.Tv