Ərdoğan 1915-ci il hadisələri ilə bağlı bəyanat verdi
Türkiyə Nazirlər Kabineti 1915-ci il hadisələri ilə bağlı 9 dildə sülh mesajı yayacaq. "Milliyet"in məlumatına görə, sülh mesajında tarixdə baş vermiş hadisələrin əsiri olmamağın və ortaq gələcəyin qurulması üçün zəmin yaratmağın vacibliyi bildiriləcək.
APA TV-nin xəbərinə görə, baş naziri Rəcəb Tayyib Ərdoğan isə 1915-ci il hadisələrinin növbəti ildönümü münasibətilə yazılı açıqlama ilə çıxış edib. O bildirib ki, Türkiyə vətəndaşı olan ermənilər və dünya erməniləri üçün xüsusi məna daşıyan 24 aprel, tarixi bir məsələyə dair düşüncələrin sərbəst şəkildə ifadə edilməsi üçün yaxşı fürsətdir: “Osmanlı İmperiyasının son illərinin türk, kürd, ərəb, erməni və digər millətlərdən olan milyonlarla Osmanlı vətəndaşı üçün acılarla dolu çətin bir dövr olduğu danılmaz həqiqətdir. Ədalətli və vicdanlı mövqe, insanların dini və etnik mənşəyinə fərq qoymadan həmin dövrdə yaşanmış bütün acıları anlamağı tələb edir”.
R. T. Ərdoğan 1915-ci il hadisələrinin elmi baxımdan araşdırılması üçün tarixçilərdən ibarət ortaq komissiya yaradılması barədə təklifini xatırladaraq bu təklifin qüvvədə olduğunu vurğulayıb.
R. T. Ərdoğan açıqlamasının sonunda XX əsrin əvvəllərində ölən ermənilərin nəvələrinə başsağlığı verib və eyni dövrdə ölən bütün Osmanlı vətəndaşlarını hörmət və rəhmətlə anıb.