Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzalı açılıb
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı olub. Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyev yeni aerovağzal kompleksi ilə yaxından tanış olub. Dövlət başçısı görülən işlərdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib: "Yeni binaya yuxarıdan baxanda öz qanadlarını açmış quşa bənzəyir. Necə ki, bu gün Azərbaycan da inkişafdadır, Azərbaycan da öz qanadlarını geniş açıb irəliyə gedir, iqtisadi inkişaf templərinə görə, dünyada birinci yerdədir. Belə möhtəşəm binaların nəqliyyat strukturunun yaradılması bizim dövlət siyasətimizdir. Əminəm ki, Azərbaycan vətəndaşları ölkəmizə gələn qonaqlar bu məkandan istifadə edəcəklər. Mən fəxr edirəm ki bizim belə gözəl aeroportumuz var".
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov bildirib ki, ildə 6 milyon sərnişin daşıma gücünə malik olan yeni aerovağzal kompleksinin sahəsi 65 min kvadratmetrdir. Ərazidə eyni vaxtda 12 təyyarəni qəbul edə biləcək teleskopik traplar quraşdırılıb. Yeni aerovağzal kompleksinin meydanında 750 avtomobil yerlik dayanacaq və ona birləşən yollar da tikilib.
Daha sonra Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin ilk sərnişinləri olaraq prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 23-də Çex Respublikasının paytaxtı Praqaya yola düşüblər.