Bakıda müfəttişdən qaçan sürücü körpüdən yıxılıb
Bakıda Nəqliyyat Nazirliyinin əməkdaşları ilə taksi sürücüsü arasında insident yaşanıb. Hadisə bu gün Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında qeydə alınıb. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəqliyyat Nazirliyinin əməkdaşları Bakı Beynəlxalq Avtovağzalı ətrafında reyd keçirərkən 1983-cü il təvəllüdlü taksi sürücüsü Vüsal İlqar oğlu Həsənovun idarə etdiyi avtomobili saxlayıblar. Vüsal Həsənov taksi xidməti göstərmək üçün lazımi sənədləri olmadığına görə qaçmaq istəyərkən körpüdən yıxılıb.
Vüsal Həsənov hadisə şahidlərinin köməkliyi ilə dərhal Klinik Tibbi Mərkəzə çatdırılıb. Kliniki Tibi Mərkəzin növbətçi həkimi Fazil Nağıyev bildirib ki, Vüsal Həsənova bel nahiyəsində əzələ-bağ aparatının gərilməsi diaqnozu qoyulub. Hazırda onun vəziyyəti orta ağırdır.
Vüsal Həsənovun atası APA TV-yə açıqlamasında bildirib ki, oğlu taksi xidməti ilə məşğul olmur: “Vüsal Heydər Əliyev adına Dərin Özüllər Zavodunda sürücü işləyir. Nəqliyyat Nazirliyinin əməkdaşları oğlumun idarə etdiyi avtomobili saxlayaraq, onları Xırdalan aparmağı xahiş edib. Onlar avtomobilə oturandan sonra maşının açarlarını çıxararaq, oğlumu döyüblər. Vüsalın vəziyyəti indi çox pisdir, danışa bilmir”.
Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidmətinin səlahiyyətli nümayəndəsi Əmrah Cəfərov APA-ya açıqlamasında faktı təsdiqləyib. Əmrah Cəfərov deyib ki, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Bakı Sərnişin Nəqliyyat İdarəsinin əməkdaşları reyd apararkən taksi sürücüsü Vüsal Həsənovdan taksi xidməti üçün ödənilən dövlət rüsumunun çekini istəyiblər, Vüsal isə müfəttişlərə sənədinin olmadığını bildirib: “Bu vaxt Vüsal Həsənovun yanında olan şəxslər məsələyə müdaxilə ediblər. Onun yanında olan şəxslərdən biri müfəttişin ayağına təpik vurub, sonra müfəttişin idarə etdiyi xidməti avtomobilin dövlət nömrə nişanını çıxararaq, avtomobilin şüşələrini yararsız hala salıb. Müfəttişlər hadisə yerindən uzaqlaşandan sonra Vüsal, atası və yanlarında olan digər şəxslər onları təqib ediblər. Vüsal təqib zamanı avtovağzalın qarşısında olan pilləkənləri düşərkən yıxılıb. O, xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib”.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.